Türkiyənin Avroliqada yeganə təmsilçisi “Qalatasaray” pley-off mərhələsində Şotlandiyanın Qlazqo “Reyncers” komandası ilə üz-üzə gəlib. Görüşdə ilk hissə qolsuz bərabərliklə başa çatıb. Fasilədən sonra təşəbbüsə yiyələnən Stiven Cerrardın komandası hesabı açıb. Yanis Hacinin dəqiq ötürməsini Skot Arfild qolla tamamlayıb. 7 dəqiqə sonra fərq artıb. Ceyms Taverne topu başla qapıdan keçirib. “Sarı qırmızılar” buraxılan toplardan yalnız birinin əvəzini çıxa bilib. Oyunun bitməsinə 3 dəqiqə qalmış Markao Teyşeyranın vurduğu qol, yalnız təsəlli olub. “Reyncers” – “Qalatasaray” 2:1. Beləliklə, İstanbul təmsilçisi Avrokuboklarda mübarizəni dayandırıb.

“Tottenhem” İsrailin “Makkabi” Hayfa komandası ilə görüşüb. Bu oyunda ümumilikdə 9 qol olub. İlk hissədə Covani Lo Çelsonun dublu, habelə Harri Keyn və Lukas Mouranın 1 qoluna, rəqib komandadan yalnız Tyaron Şeri 1 dəfə cavab verib. 4:1. Fasildən sonra da təşəbbüsü əldən verməyən “Tottenhem” rəqibin qapısından daha 3 top keçirib. Harri Keyn daha 2 qol vuraraq het-trikini rəsmiləşdirib. Görüşün sonlarında isə Dele Alli “Tottenhem”in sonuncu qolunu vurub. “Makkabi”dən ikinci hissədə yalnız Nikita Rukavitsa qapıya yol tapıb. “Tottenhem” – “Makkabi” Hayfa 7:2.

“Riu Ave” – “Milan” görüşü isə gərginliyi ilə yadda qalıb. İlk hissədə qapılar toxunulmaz qalıb. Fasilədən sonra üstünlüyü ələ alan “Milan” rəqib qapısına yol tapıb. Aleksis Salemakers fərqlənib. 72-ci dəqiqədə Portuqaliya təmsilçisi bərabərliyi təmin edib. Fransişku Geraldeş komandasını ümidləndirib. 90 dəqiqə bərabərliklə yekunlaşdığı üçün əlavə 30 dəqiqə oynanılıb. İlk dəqiqədən “Riu Ave” futbolçuları önə keçiblər. Jelsonun zərbəsi dəqiq alınıb. “Milan” futbolçuları yarım saatın sonuncu dəqiqəsində məğlubiyyətdən xilas olublar. Hakan Çalhanoğlu tarazlığı bərpa edib. Qalib müəyyənləşmədiyi üçün penaltilər seriyası lazım gəlib. Burada isə zərbələri daha dəqiq vuran “Milan” qrup mərhələsinə yüksəlib.